Torlu qişa xəstəlikləri

Torlu qişa xəstəlikləri görmə qabiliyyətinin tam itirilməsinə aparan təhlükəli xəstəliklərdəndir. Bunun qarşısını erkən diaqnoz, ətraflı müayinə və ən əsası vaxtında aparılan dəqiq müalicə ilə almaq olar. Torlu qişa xəstəliklərinin növləri və əlamətləri haqqında Bakı Sağlamlıq Mərkəzinin həkimi, oftalmoloq İradə Fərzəlibəyova məlumat verdi. Torlu qişanın xəstəlikləri zamanı direkt və indirekt oftalmoskopiya, optik koherens tomoqrafiya, fundus flüoressein angioqrafiya, indosianin yaşılı angiografiyası, mikroperimetriya, elektroretinoqrafiya və digər müayinə metodlarından istifadə olunur. Ən çox yayılan tor qişa xəstəlikləri: • Diabet və yüksək təzyiq ilə bağlı olan xəstəliklər-tor qişa damar xəstəlikləri. • Tor qişanın arterial və venoz okklüziyaları. • Tor qişanın qopması-ayrılması. • Yaş ilə bağlı sarı nöqtə (makula) xəstəlikləri. • Digər sarı nöqtə (makula) xəstəlikləri. • Anadangəlmə torlu qişa xəstəlikləri. • Piqment retinit ( toyuq korluğu). • Tor qişa şişləri. Torlu qişanın xəstəliklərindən olan diabetik retinopatiya şəkərli diabetdən əziyyət çəkənlərdə xəstəliyin başlanğıc dövrlərində nadir hallarda qeydə alınır. Lakin 15 ildən sonra 1-ci tip şəkərli diabetdə təqribən 100 və 2-ci tipdə isə 75 faiz hallarda diabetik retinopatiya əlamətləri müşahidə edilir. Ona görə də şəkərli diabeti olan xəstələr ildə bir dəfə gözlərini müayinə etdirməlidirlər. Diabetik retinopatiya aşkarlanmış xəstələr isə hər 6 aydan bir oftalmoloq müayinəsindən keçməlidirlər. Yaşa bağlı makula degenerasiyası 60 yaşdan yuxarı şəxslərdə zəifgörmənin əsas səbəblərindən biridir. Bu xəstələrdə görmənin zəifləməsi, metamarfopsiya (əşyaları əyri görmə), görmə sahəsində mərkəzdə ləkələr müşahidə olunur. Xəstəliyin erkən mərhələdə aşkar edilməsi, eyni zamanda görmə qabiliyyətini qorumaq üçün ildə bir dəfə profilaktik oftalmoloji müayinədən keçmək tövsiyə olunur.

Diqər xəbərlər